Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeçiliyində Sumqayıt Kimya Sənaye Parkı (SKSP) yaradılmışdır.
3 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının təməl qoyma mərasimi keçirilmiş və ərazidə müvafiq tikinti-quraşdırma işlərinə başlanılmışdır.
Oxu.Az xəbər berir ki, İqtisadiyyat və Sənaye Nazirlindən verdiyi məlumata görə, ötən bir il ərzində Sənaye Parkının fəaliyyəti üçün ayrılmış ərazidə mövcud olan köhnə qurğuların sökülməsi, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
Belə ki, ərazinin relyefinin, mövcud yolların və infrastruktur xəritəsinin, tikililərin, qurğuların və digər obyektlərin yerləşməsinin müəyyən olunması üçün ərazidə topoqrafik çəkilişlər aparılmışdır. Ərazidə yerləşən texnoloji və mənəvi cəhətdən köhnəlmiş, yararsız bina və qurğular sökülmüş və ərazidən çıxarılmış, hamarlama işləri aparılmışdır. Ərazi tikinti-quraşdırma işləri üçün tam hazır vəziyyətə gətirilmişdir. Parkın ərazisi 166,6 hektardan 295,5 hektara kimi genişləndirilmişdir.
Sənaye Parkının Baş Planına əsasən, ərazidə nəzərdə tutulan geniş infrastruktur şəbəkəsi, o cümlədən SKSP-nin ərazisinə fiberoptik kabelin çəkilişi tamamlanmış və elektron avtomat telefon stansiyasına qoşulma işləri aparılır. SKSP-nin ərazisini qazla təmin etmək məqsədi ilə xarici qaz xəttinin inşası başa çatmışdır, sınaq nəzarəti keçirilmişdir.
Sumqayıt Kimya Sənaye Parkının xarici içməli su xəttinin çəkilişi tamamlanmış, daxili məişət tullantı suları və kanalizasiya xəttinin çəkilişi 70%-ə yaxın, xarici kanalizasiya xətti 45%-dən çox, ərazidaxili yağış suyu şəbəkəsinin tikinti quraşdırma işləri 90%, kimyəvi tullantı su xətlərinin tikinti və quraşdırma işləri 85%-dən çox yerinə yetirilmişdir.
Ərazidaxili yeraltı kommunikasiya xətləri üçün nəzərdə tutulmuş yeraltı texniki qalereyanın quraşdırma işlərinin 90%-i, texniki qalereyanın daxilində inşa olunacaq yanğına qarşı su xəttinin çəkilişi 60% yerinə yetirilmişdir. İçməli və texniki su xətlərinin isə quraşdırma işlərinə başlanılmışdır.
Sumqayıt Kimya Sənaye Parkınının Sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın və Peşə Tədris Mərkəzinin tikintisinə yaxın zamanlarda start veriləcəkdir.
Ümumilikdə, bütün sahələr üzrə inşaat işləri qrafikə uyğun aparılır. Sənaye Parkının 1-ci fazasının infrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC-nin dövlət başçısı İlham Əliyev tərəfindən açılışı olan Polad boru zavodu fəaliyyət göstərir. Eyni zamanda daha iki zavodun inşasına başlanılmışdır.
SKSP-nin digər rezidenti olan "SOCAR Polymer" MMC tərəfindən istehsal məqsədilə bütün avadanlıqların gətirilməsi başa çatdırılmışdır. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılır.
Parkın idarəedici təşkilatı olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən Parkın fəaliyyətinin təşkili istiqamətində layihə-tikinti işləri ilə paralel olaraq təbliğat-təşviqat işləri aparılır, investorların cəlb olunması, xarici sənaye parkları ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır.
Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olmuş və onlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq niyyətini bildirmişlər. Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur.
Gülnarə Zeynalova
www.oxu.az