Azərbaycanda əsasən Astara, qismən də Lənkəranda becərilən kivinin faydası və müalicəvi xüsusiyyətləri böyükdür. Vitaminlərlə bol olan bu meyvənin məhsuldarlığı fermerlərin üzünü güldürsə də qiymətlərin aşağı olması onları narazı salır.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, astaralı fermerlər məhsul qıtlığından şikayətlənə bilməz. Havaların quraq keçməsinə baxmayaraq plantasiyalarda bu il bol kivi məhsulu yetişdirilib. Amma əsas alıcı-bazar problemi yenə də qalır.
Cənub bölgəsində kivi plantasiyaları ötən əsrin 90-cı illərindən salınıb. Yüksək məhsuldarlığa malik bu bitki ilk illərdə baha qiymətə satılsa da, son illərdə qiymətlər kəskin aşağı düşüb. Yığımın ilk həftəsində 1 kq-ı 1 manat 50 qəpik, 1 manat olan kivi hazırda alıcıya 50 qəpiyə təklif edilir. Fermerlər qiymətlərin aşağı olmasını xarici bazarın yoxluğu ilə əlaqələndirirlər.
Fermerlər məhsulu xarici bazara çıxara bilmədiklərini və Rusiyada rublun məzənnəsi aşağı olduğuna görə, alıcıların sayının son dövrlərdə aşağı düşdüyünü deyir.
Astara Rayon İcra Hakimiyyətinin Aqrar şöbəsində qiymətlərin aşağı olmasını kütləvi yığımla əlaqələndirdilər. Digər sitrus meyvələrindən fərqli olaraq kivinin davamlılığının çox olduğunu deyən rəsmilər narahatlığa əsas olmadığını, yaxın vaxtlarda qiymətlərdə yenidən artım ola biləcəyini istisna etmədilər.
www.oxu.az