Azərbaycanda qızıl əvvəlki dövrlərlə müqayisədə bahalaşmaqda davam edəcək.
Bu sözləri Oxu.Az-a iqtisadçı-ekspert Samir Əliyev Azərbaycanda qızıl bazarındakı vəziyyəti şərh edərkən bildirib.
Ekspert qeyd edib ki, Vergilər Məcəlləsinə edilən dəyişiklik istənilən halda bazara öz təsirini göstərir.
“Azərbaycanda ilk dəfə olaraq qızıla aksiz vergisi tətbiq edilməyə başladı və qızıl aksiz tutulan məhsulların sırasına daxil edildi. Bu, təbii ki, qiymətli daşların qiymətinin artmasına səbəb olan bir amildir. Düzdür, burada ciddi bir qiymət artımından söhbət getmir. Vergi məbləği o qədər də böyük bir rəqəm deyil, amma istənilən halda, cüzi bir artım bazarda səs-küyə səbəb olur, qiymətlərin artmasına gətirib çıxarır”- ekspert deyib.
İqtisadçının proqnozlarına görə, 2014-cü ildə qızılın qiyməti sabit qalıb.
"Belə ki, 2014-cü ildən qızıl bahalaşmağa başladı. Mart ayına qədər, martdan sonra isə qiymətlər düşməyə başladı. İlin əvvəli ilə ilin sonunda qızılın qiyməti demək olar ki, eyni oldu. Baxmayaraq ki, ilin ortasında artdı, azaldı, dəyişdi. 2015-ci ildən isə qızılın qiymətinin qalxmasını müşahidə edirik”, o deyib.
Samir Əliyev bildirib ki, Azərbaycanda istehsal olunan qızıl istifadə üçün deyil, bu səbəbdən qızılın qiymətinin dünya bazarında dəyişməsi, bazara birbaşa olaraq təsir göstərir.
“Azərbaycan qızıl istehsal etmir, yeganə olaraq Gədəbəydə istehsal olunan qızıl Mərkəzi Bank tərəfindən alınaraq öz ehtiyatlarına daxil edilir. Bu, istifadə üçün deyil. Bizim bazarda qızıl demək olar ki, xaricdən idxal olunur”.
Ekspert proqnozlaşdırır ki, qızılın qiyməti 2015-ci ildə qalxacaq.
“Son vaxtlar həm qızıl bahalaşması, həm də vergi tətbiqi üst-üstə düşdüyündən bazarda qızılın qiymətinin bahalaşmasını müşahidə edəcəyik. Qızılın qiyməti ilə bağlı proqnozlar onu göstərir ki, Azərbaycanda qızıl əvvəlki dövr ilə müqayisədə az da olsa bahalaşmaqda davam edəcək”- deyə iqtisadçı əlavə edib.
Xatırladaq ki, paytaxtın böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil edir.
Satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər.