Azərbaycanda son 10 il ərzində 1,2 milyon yeni, o cümlədən 70 faiz daimi iş yerlərinin yaradılmasına imkan verilib. Bu istiqamətdə iş davam etdirilir, yeni müəssisə və obyektlər yaradılır, işsizliyin səviyyəsi durmadan düşərək 5 faiz təşkil edir ki, bu iş axtaranlar arasında normal rəqabət yaradır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında çıxış edərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev vurğulayıb.
Onun sözlərinə görə, əmək ehtiyatlarının sektor bölgüsündə müsbət irəliləyişlər baş verir:
“İqtisadiyyatın dövlət sektorunda işləyənlərin payı əhəmiyyətli dərəcədə azaldığı halda (1995-ci ildə 56 faizdən 2013-cü ildə 24 faizədək) şəxsi mülkiyyət müəssisələrində bu göstərici artmaqda davam edir (44 faizdən 76 faizədək)”.
S.Mehbalıyev qeyd edib ki, Azərbaycan əhalisi işlə təminatda o qədər də gərginlik yaşamır.
“Lakin etiraf edilməlidir ki, bu gün əsas məsələ layiqli işlə təminatdır, yəni layiqli əməkhaqqı, layiqli əmək şəraiti, sosial müdafiə və s. Bu problemin bir çox sualları layiqli əmək üzrə ölkə proqramlarında öz əksini tapıb”, - AHİK sədri deyib.
Qeyd edək ki, iyunun 12-nə kimi davam edəcək sessiyada BƏT-in Konvensiya və Tövsiyələrinin icrası vəziyyəti, habelə “İcbari əmək haqqında” 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər müzakirə olunacaq.