Vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən qəbul olunmuş qərarlara uyğun olaraq, bankların filial və şöbələrində vətəndaşlarla fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq bəyanat yayıb.
Bəyanatda bildirilib ki, müvafiq qərar ABA-nın Rəyasət Heyəti tərəfindən qəbul olunub.
Qərara əsasən, vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılacaq.
İstifadə müddətinin uzadılması birtərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.