"Almaniya şirkətlərinə təklifimiz sadədir: Azərbaycanda məskunlaşın, lakin daha geniş region üçün istehsal edin".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, alman istehsalçıları üçün bu, Mərkəzi Asiyadan gələn xammalın Azərbaycanda emal edilməsi və Türkiyə ilə Avropadakı müştərilərə tədarük olunması üçün imkanlar yaradır:
"Logistika obyektləri, terminallar və rəqəmsal xidmətlər də marşrut boyunca özəl investisiyalar üçün geniş imkanlar təqdim edir. Qazaxıstan və Özbəkistanla birgə inkişaf etdirilən yaşıl enerji dəhlizi və planlaşdırılan Xəzər-Qara Dəniz-Avropa dəhlizi bu əməkdaşlığı bərpa olunan elektrik enerjisi sahəsinə də şamil edir. Bunlar generasiya, ötürmə, infrastruktur və enerji tutumlu sənaye sahələrində Almaniya şirkətləri üçün imkanlar yaradır. Hazırda çəkilişi davam edən Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi Xəzər dənizinin dibi ilə yüksəktutumlu məlumatların ötürülməsi üçün əlavə marşrut yaratmaqla Avropa və Asiya arasında rəqəmsal birləşdiriciliyi möhkəmləndirəcək, regional rabitə şəbəkələrinin davamlılığını artıracaq və Azərbaycanın rəqəmsal tranzit qovşağı kimi rolunu gücləndirəcək".