Bu gün Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.
“Report” xəbər verir ki, Azərbaycanda “Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC (RİM), “Roseksimbank” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “RDY” ASC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” SC tərəfindən həyata keçirilir.
“Aqroekspress” – effektiv şəkildə qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa kömək edən, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə “RDY Logistika” SC və “Rusiya İxrac Mərkəzi” SC-nin ixtisaslaşmış xidmətidir.
Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması oldu.
“Bu, “Aqroekspress” layihəsinin həyata keçirilməsində uğurlu başlanğıcdır və biz onun böyük potensiala malik olduğunu görürük. Layihənin bir çox üstünlüklərini nəzərə alaraq, bu sadəcə alternativ deyil, ən sərfəli marşrutlardan biri olacaq. Sözsüz ki, proseslərin tənzimlənməsi və təkmilləşdirilməsi üzərində çalışacağıq və yaxın zamanda daşımaları müntəzəm olaraq həyata keçirməyi planlaşdırırıq. Həmçinin, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi çərçivəsində yüklərin Rusiyaya daşınması üçün “Astara” stansiyasının “Aqroekspress” marşrutuna qoşulması üzərində işlər fəal şəkildə davam etdirilir. Ümumilikdə bu layihə ölkələrimizdə yalnız logistika və ticarət sahəsinin deyil, kənd təsərrüfatı müəssisələrinin də inkişafına töhfə verəcək”, - deyə “Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov qeyd edib.
Xatırladaq ki, “Aqroekspress” layihəsi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri keçən ilin ikinci yarısında Azərbaycan-Rusiya İşgüzar Şurasının dəstəyi, “Roseksimbank” SC-nin himayəsi ilə keçirilən iki işgüzar missiya çərçivəsində fəal şəkildə müzakirə olunub.
Foto: Kərim Abbasov