Cari ilin yanvar-iyun aylarında 134 xarici ölkə ilə 15.3 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən daxil olmuş məlumatlara əsasən, ticarət əlaqələrinin 9.2 faizi, yaxud 1411.3 milyon dollarlığı MDB üzvü dövlətləri ilə, 90.8 faizi və ya 13.9 milyard dollarlığı digər ölkələrlə aparılıb.
“Altı ay ərzində 11.2 milyard dollarlıq məhsul ixrac olunub, onun 424.3 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilib, 96.2 faizi və ya 10.8 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşüb.
Qeyri-neft məhsullarının ixracı altı ay ərzində 6.6 faiz azalıb.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 4124.6 milyon dollar təşkil edib. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 3137.6 milyon dollar, MDB üzvü ölkələrindən isə 987.0 milyon dollar olub.
Xarici ticarət dövriyyəsinin 46.5 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9.2 faizi MDB-yə üzv dövlətləri ilə, 44.3 faizi digər ölkələrlə aparılıb.
Beləliklə, altı ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2.7 dəfə çox olub və 7121.7 milyon dollar müsbət saldo yaranıb.
Yanvar-iyun aylarında ölkəyə 32.2 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub.
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 20.6 milyard dollar, o cümlədən ixrac 16.5 milyard dollar təşkil edib, müsbət saldo 12.4 milyard dollar olub”, - deyilir məlumatda.
Gülnarə Zeynalova