İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, tərəfdaşlığa dair müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, Pakistan baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüş zamanı iqtisadi əlaqələrin gücləndirilməsində investisiya tərəfdaşlığının önəmi vurğulanıb.
Həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri qeyd olunub. Ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları dəyərləndirilib.
Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə enerji, sərmayələr və digər istiqamətlər üzrə münasibətlərin gücləndirilməsi imkanları qeyd olunub. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında işgüzar münasibətlərin fəal dəstəklənməsi haqqında fikir mübadiləsi aparılıb.