Bu ilin ikinci rübündə “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abonentlərin sayı 35 min və ya 2,7 faiz artıb.
Oxu.Az-ın xəbərinə görə, ASC-dən bildiriblər ki, iyulun 1-nə olan məlumata görə, Səhmdar Cəmiyyətdə içməli su və kanalizasiya xidmətlərindən istifadə edən 1 milyon 282 min 146 abonent qeydə alınıb.
“Abonentlərin 1 milyon 236 minə yaxını və ya 96,3 faizi əhali, 46 mindən çoxu və ya 3,6 faizi qeyri-əhali qrupuna daxildir. Bu ilin ikinci rübündə abonentlərin sayı əhali qrupu üzrə 2,5 faiz, qeyri-əhali qrupu üzrə isə 10 faiz artıb.
Həmçinin “Azərsu” ASC-nin sayğacla təmin olunmuş abonentlərinin sayı 714 min 510-a çatdırılıb və sayğacla təminat 55,6 faiz təşkil edib. Əhali qrupu abonentlərin 54,6 faizi, qeyri-əhali qrupu abonentlərin isə 82,2 faizi sayğacla təmin olunub”, - deyilib məlumatda.
Gülnarə Zeynalova
www.oxu.az