Yanvar-aprel aylarında Beynəlxalq Dəniz Ticarət Limanı üzrə 1 milyon 894 min ton yük aşırılıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz az olub.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mətbuat xidmətindən bildirilənə görə, həmin həcmin 392 min tonu Dübəndi terminalında aşırılan neft və neft məhsullarının payına düşüb.
Digər 1 milyon 175 min ton Bərə terminalından keçən vaqonların və digər təkərli texnikalar vasitəsilə aşırılıb. Həcmin qalan hissəsi - 327 min tonu isə quru yük terminalı vasitəsilə aşırılan yüklərin payına düşüb.
Qeyd olunub ki, azalmalar əsasən mövsümi amillərlə bağlıdır. Belə ki, adətən ilin əvvəlində hər iki istiqamətdə tranzit yük axınlarının həcminin səngiməsi müşahidə olunur.
Bərə terminalında aşırılan vaqonların sayı 19 min 700 vaqon olub ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azdır.
Cari ilin ilk dörd ayında liman körpüləri vasitəsilə 480 TEU konteyner qəbul edilərək yola salınıb.