Mayın 8-dən 12-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) nümayəndə heyəti 90 ölkədən 300-dən çox liman nümayəndəsini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) Bali şəhərində (İndoneziya) keçirilən illik konfransında iştirak edir.
Oxu.Az xəbər verir ki, mayın 10-da tədbirin təntənəli açılış mərasimində İndoneziya Liman Korporasiyasının II icraçı direktoru Elvyn G.Masassya, Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiago Garcia-Milà qonaqları salamlayıblar.
Daha sonra tədbir çərçivəsində keçirilən beynəlxalq sərginin açılış mərasimi baş tutub. Açılış zamanı İndoneziyanın Dənizçilik məsələləri üzrə naziri Luhut Binsar Panjaitanda Bakı Limanının stendinə yaxınlaşaraq limanın fəaliyyəti ilə maraqlanıb.
Tədbirə qatılan 1000-ə yaxın qonaq da Bakı Limanının stendi ilə tanış olub. Onlara Bakı Limanın fəaliyyəti, qurulmaqda olan Ələt Azad Ticarət Zonası, “hub” konsepsiyası və s. barədə ətraflı məlumat verilib.
Konfrans çərçivəsində Bakı Limanına həsr olunmuş xüsusi press-konfrans keçirilib və eyni zamanda Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də tədbirlərdə iştirak edib.
Bildirmək istərdik ki, konfrans 5 gün ərzində davam edəcək. Bakı Limanı əməkdaşlarının bir sıra seminar və forumlarda çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci il 8-11 may tarixlərində Beynəlxalq Limanlar Assosiasiyasının toplantısı Bakıda keçiriləcək.
U.A.
www.oxu.az