“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı Gəmiqayırma Zavoduna 3 yeni sərnişin gəmisinin tikintisini sifariş edib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin informasiya və mətbuat şöbəsindən verilən məlumata görə, Xəzər Dəniz Gəmiçiliyi donanmasını yeni, daha müasir gəmilərlə zənginləşdirmək istiqamətində mühüm addım atıb və sözügedən zavodda 3 yeni sərnişin gəmisinin tikintisi sifariş verilib.
Göyərtəsinə 80 sərnişin götürə biləcək gəmilərin uzunluğu 38,22 metr, eni 8,2 metr, bortunun hündürlüyü 4,18 metr, suya oturumu 2,25 metr olacaq. Yeni gəmilər donanmanın tərkibindəki MPK, PS VƏ PSK tipli nəqliyyat vasitələrindən bir sıra üstünlükləri ilə seçiləcək.
Bakı Gəmiqayırma Zavodunda inşa ediləcək sərnişin gəmilərinin digərlərindən fərqi əlavə 50 ton yükgötürmə qabiliyyətinə malik olmasıdır.
Qeyd edək ki, hər biri 2x1895 kvt gücə malik yeni gəmilərin onlardan iki dəfə artıq sürətlə - 20 uzellə hərəkət edə bilmələri sərnişinlərin mənzil başına daha tez çatdırılmasına imkan verəcək.