Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı Limanı Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirir – FOTO
Mayın 24-25-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Avropa İttifaqının TAİEX proqramı çərçivəsində seminar keçirib.
Bu barədə Oxu.Az-a QSC-dən bildirilib.
Məlumata görə, 70-ə yaxın iştirakçını əhatə edən tədbirin məqsədi dəniz limanlarının əməliyyatlarının idarə olunması, quru limanlar və logistika, o cümlədən liman qanunvericiliyinin təkmilləşdirilməsi kimi sahələrdə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin və beynəlxalq təşkilatların təcrübəsini öyrənməkdir.
Təlimin və Aİ ilə əməkdaşlığın əhəmiyyətindən danışan Bakı Limanının baş direktoru Taleh Ziyadov liman əməliyyatlarında Avropa standartlarının tətbiq edilməsinin Bakı Limanının şəffaflıq, nümunəvilik və müasirlik prinsiplərinə uyğun olduğunu bildirib.
“Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonası təkcə ölkənin deyil, həm də regionun iqtisadiyyatına müsbət töhfə verərək Avrasiyanın nəqliyyat və ticarət mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyub.
Bu baxımdan bütün əməliyyatlarımızın təşkilində dünyanın, o cümlədən Avropa ölkələrinin qabaqcıl limanlarının təcrübəsindən faydalanmaq çox önəmlidir,” - deyə baş direktor bildirib.
Taleh Ziyadov Bakı Limanının beynəlxalq təşkilatlarla əməkdaşlığının artan templə inkişaf etdirdiyini qeyd edərək Limanın bir sıra Avropa İttifaqı limanları ilə geniş əlaqələrindən danışıb, misal kimi Avropanın ikinci ən böyük və dünya limanları arasında ilk 20-liyə daxil olan Antverpen Limanı ilə Bakı Limanı arasında Anlaşma Memorandumunun imzalandığını xatırladıb.
Ümumiyyətlə, Bakı Limanı bu günədək Sinqapur, Dubay, Rotterdam kimi böyük limanlarla geniş əlaqələr qurub və həmin limanların təcrübəsinin tətbiqi istiqamətində işlər görüb.
Təlimin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard TAİEX əməliyyatlarının 10 il bundan əvvəl Aİ-nin qonşu ölkələrində yerinə yetirilməyə başladığını deyərək bu günə qədər nəqliyyat, qida təhlükəsizliyi, enerji əhəmiyyətliliyi kimi sahələrdə 3000-dən artıq, Azərbaycanda isə 2016-cı ilə qədər 213 layihənin həyata keçirildiyini bildirib.
“Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində bu ölkənin Şimal və Cənubu, Şərq və Qərbi birləşdirən nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün böyük potensialı var.
Bakı Limanının Avropa limanları ilə əlaqələrinin genişlənməsi və burada qabaqcıl dünya təcrübələrinin tətbiq edilməsi bu missiyanın yerinə yetirilməsi istiqamətində atılmış mühüm addımdır.
Avropa İttifaqı olaraq bu məqsədə çatmaq yolunda Bakı Limanına dəstək verə bildiyimiz üçün çox xoşbəxtik. İnanırıq ki, Bakı Limanı ölkənin Avrasiyada nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində əsas rol oynayacaq”, - deyə xanım Mard bildirib.
Qeyd edək ki, təlimin ilk günü çərçivəsində “Dəniz limanları və 21-ci əsrdə onların funksiyaları”, “Beynəlxalq ticarət və nəqliyyatda dəniz limanlarının rolu”, “Limanların rəqabətə davamlı limana çevrilməsi”, “Kiçik və ortaölçülü limanlarda rəhbərlik və innovasiya”, o cümlədən “Alternativ liman rəhbərliyi və idarəetmə strukturu” kimi mövzularda İtaliya, Niderland Krallığı, Rumıniya, Belçika kimi ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən nəqliyyat, tranzit və logistika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, həmçinin tərəfdaş təşkilat və şirkətlərin əməkdaşlarına təlim keçirilib.
Ülviyyə R. Əli
www.oxu.az
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- Xronika: "Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq"
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tramp Avropa İttifaqını və Kanadanı daha sərt rüsumlarla hədələdi
- Avropa "müşahidəçiləri"nin Zəngilan və Laçın istiqamətlərində casusluq fəaliyyətinin görüntüləri