Metronun “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarında təmir işlərinə start verilib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, təmir işlərinin aparılmasında məqsəd keçidlərdə köşklər yığışdırıldıqdan sonra mərmərlərin sıradan çıxarılmasıdır. Bir neçə gündür ki, başlanılan təmir işləri I Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.
Təmir işləri stansiyaların keçidlərində aparılır.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, hazırda “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarında söküntü işləri gedir. Keçidlər və yuxarı vestibüllərdə üzlüklər dəyişdirilir və keçidlərin divarlarında olan daşların hamısı sökülüb. Onun sözlərinə görə, sökülən üzlük daşlar daha da müasir daşlarla əvəz olunacaq. Həmçinin döşəmənin də yenilənməsi nəzərdə tutulub.
Sözügedən stansiyalarda bütün kommunikasiya xətləri də təzələri ilə əvəz olunacaq. Təmir işlərinin yaxın 3 ay ərzində yekunlaşacağı gözlənilir. Bu stansiyalarda işlər bitdikdən sonra digər stansiyaların da bərpasına başlanılacaq.
E.Ə.
www.oxu.az