“Böyük Bakının regional inkişaf planı” layihəsi ictimai nəqliyyatın yeni növlərinin tətbiqini nəzərdə tutur.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Trend-ə bazar ertəsi layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı bildirib.
“Bu gün Bakıda ictimai nəqliyyatın yeni növləri – sürətli tramvaylar, yerüstü metropoliten, metrobuslar və s. effektiv tətbiqi lazımdır. Belə yolların həm şəhər daxilində, həm də onun hüdudlarından kənarda, xüsusilə də Heydər Əliyev Beynəlxalq Hava Limanı, Sumqayıt, Ələtədək çəkmək nəzərdə tutulur” – deyə, Eldarlı bildirib.
Onun rəyinə görə, şəhərətrafı qatarların tətbiqi məqsədəuyğundur.
“Orta məsafələrə insanların aralıq dayanacaqlarla hərəkət edə bilmələri üçün şəhərətrafı qatarlar işləyə bilər. Məsələn, Sumqayıtdan Ələtədək xəttin Ələt-Səngəçal-Lökbatan-Xırdalan-Sumqayıt dayancaqları ola bilər. Bu dayancaqlarda düşən insan yerli nəqliyyatdan istifadə edərək ona lazım olan yerə gedə bilər. Bu nəqliyyat növləri hazırkı elektrik qatarlarının daha sürətli və rahat analoqları olacaqlar” – deyə, Eldarlı bildirib.