Bakıdan Misirin Şarm-Əl Şeyx şəhərinə nəzərdə tutulmuş aviabiletin qiyməti 350 manatdır və bura gediş və gəliş qiyməti daxildir. Bakıdan adıçəkilən şəhərə uçuşlar cari ilin iyun ayından etibarən müntəzəm təşkil ediləcək. Biletlərdə konkret uçuş və qayıdış zamanları olacaq. Praktiki olaraq alacağınız bilet 1 il üçün etibarlı olacaq.
Oxu.Az xəbər verir ki, bu sözləri Misirin “Air Cairo” Hava Yolları şirkətinin kommersiya direktoru Fathy Attia bu gün jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.
“Təbii ki, turpaketin müddətinə uyğun olaraq da gediş və gəliş tarifini özünüz bir il ərzində istədiyiniz kimi müəyyən edə bilərsiz.
Eyni zamanda bizim təklif etdiyimiz xidmətlər vasitəsilə, Şarm Əl-Şeyxdən gəldikdə, Misir Hava Yollarından istifadə etməklə digər uçuşlara qoşula və Misirin digər şəhərlərinə, təyinat nöqtələrinə gedə bilərsiniz”, - deyə şirkətin kommersiya direktoru qeyd edib.
“Təsəvvür edin aldığınız bilet kifayət qədər sərbəstdir. Qayıdış vaxtını özünüz müəyyən edəcəksiniz, Şarm-ƏI Şeyxə çatdıqda isə digər şəhərlərə qeyd etdiyim kimi bilet ala bilərsiniz”,-F.Attia bildirib.
Onun sözlərinə görə, gələcəkdə Misirin digər şəhərlərinə də Bakıdan birbaşa uçuşlar təşkil ediləcək.
“Biz Bakıdan Şarm-Əl Şeyxə bir uçuşla başlayacağıq. Təbii ki, hələlik bir təyinat yeri nəzərdə tutulub, amma gələcəkdə biz Misirin digər şəhərlərinə də uçuşlarımızı, çox güman ki artıracağıq. Bu isə bizim əməkdaşlığımızı daha da genişləndirəcək”.
11:14
Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından bu ölkənin Turizm Nazirliyi və turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər. Bu gün onlar azərbaycanlı turistlərə yeni və yüksəkkeyfiyyətli cəlbedici turizm paketləri təklif etməyə hazırdırlar.
Oxu.Az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Misir Ərəb Respublikasının rəsmi nümayəndələri bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında deyiblər.
“2011-2013-cü illərdə Misirə səfər edən azərbaycanlı turistlərin sayında müəyyən azalmadan sonra azərbaycanlılar arasında Misir kurortlarının populyarlığı yenidən artmışdı.
Belə ki, son iki il ərzində Misiri minlərlə azərbaycanlı ziyarət edib.
Dekabr, yanvar, mart səyahət üçün daha populyar aylar hesab olunur”.
Nümayəndələrin verdiyi məlumata görə, Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır.
“Kurortlara səfər etmək də çətin deyil - ən yaxın zamanda Bakıdan birbaşa təyyarə reysinin açılması planlaşdırılır.
Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 dollar təşkil edəcək”.
Qeyd edək ki, bu gün təşkil edilən mətbuat konfransında Misir Ərəb Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri xanım Süzan Muhammad Hamil də iştirak edir. Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi barədə qərar mayın 19-dək qəbul ediləcək.
Ülviyyə R. Ali
www.oxu.az