Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 42.6 milyard manat təşkil edib. Bu, 2024-cü ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 1.8 milyard manat və ya 4.05% azdır.
Oxu.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə paytaxtda sənaye məhsulunun 73%-i mədənçıxarma, 23.5%-i emal, 2.6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82.2% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88.8%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11.2% təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin noyabrın 1-nə 442.1 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 62.2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.