Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edəcək Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilişi ilə bağlı işlər davam edir.
Oxu.Az xəbər verir ki, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda dəmir yolu ilə bağlı tikinti işləri sürətlə davam etdirilir.
“Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilib və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcək. Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin 2 kilometri qazılmışdır və işlər davam etdirilir”.
Nazir ləngimələrə baxmayaraq, dəmir yol xəttinin gələn il təhvil veriləcəyini qeyd edib:
“Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli və kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq, 2014-cü ildə başa çatdırılacaq”.