Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 21-də 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 70 binada keçiriləcək.
İmtahanların idarə olunması üçün 276 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 3026 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.
2013-cü ildə I qrup üzrə 36 883 abituriyent ərizə təqdim edib. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22 372 nəfərini oğlanlar, 14 511 nəfərini isə qızlar təşkil edir. 21 210 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13 766 nəfər isə əvvəlki illərin məzunlardır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
1757 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.