Hazırda “Bakı-Tbilisi-Qars” dəmir yolunda tamamlanma işləri həyata keçirilir.
Oxu.Az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, 2015-ci ilin sonuna “Azərbaycan Dəmir Yolları” öz qatarlarını Gürcüstanla sərhədə qədər təhvil verəcək.
N.Əzməmmədov bildirib ki, layihə 2005-ci ildə baş tutmalı idi, amma Avropanın ikili standartları bu işləri vaxtında həyata keçirməyə mane oldu:
“Avropa istəyirdi ki, bu xətt Ermənistandan da keçsin. Azərbaycan isə buna razılıq vermədi. Nəticədə işlərə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü, Neft Fondunun maliyyə dəstəyi ilə 2007-ci ildən start verildi”.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, bu layihə Azərbaycanın Türkiyə ilə iqtisadi-mədəni cəhətdən yaxınlaşmasına səbəb olacaq beynəlxalq layihədir.
Əzməmmədov bu layihəyə digər ölkələrin də maraqlı olduğunu qeyd edib:
“Bu dəhliz vaxt və təhlükəsizlik baxımından digərlərindən fərqlənir, buna görə də bu layihəyə maraq var” - deyə, o əlavə edib.
Qeyd edək ki, Neft Fondunun 2015-ci ilin I yarısına olan hesabatına görə, bu layihənin maliyyələşdirilməsinə 17,2 milyon manat vəsait ayrılıb.
Ülviyyə R. Əli
www.oxu.az