Hal-hazırda Bakıda nəqliyyat problemlərinin həll edilməsi üçün 2014-2018-ci illər üçün Dövlət Proqramı hazırlanır.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin bölmə rəisi Heydər Turabov “Yol və yeraltı infrastruktur – urbanizasiya problemlərinin həlli yolları” adlı II Beynəlxalq Xəzər konfransında bildirib.
Onun sözlərinə görə, proqram mövcud yolların rekonstruksiyasını, yeni yolların, yeraltı və yerüstü keçidlərin, yol ayırıcılarının və digər infrastrukturların tikilməsini nəzərdə tutur.
“Ölkənin ən böyük nəqliyyat axını Bakının payına düşür. Əgər hal-hazırda avtomobil yollarının uzunluğu 1550 kilometrdirsə, bu axını təmin etmək üçün 4-5 min kilometr artırılmalıdır”, - Turabov deyib.
Onun sözlərinə görə, 2015-ci ilin sonuna qədər ölkənin əsas magistral yollarının modernizasiya və rekonstruksiya işlərinin başa çatdırılması planlaşdırılır. (Trend)