Sabunçu rayonunda dövlət mülkiyyətində olan 25 hektar torpaq sahəsində qanunsuz tikinti aparılmasının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.
Bildirilir ki, komitə tərəfindən Sabunçu rayonunun Ramana və Maştağa qəsəbələrində mühafizə zonalarında müvafiq qurumlar tərəfindən torpaq ayrılması halları, vəzifəli şəxslər tərəfindən torpaq sahələri ilə bağlı qanunsuz qərarların verilməsi faktları araşdırılması ilə bağlı monitirinq aparılıb.
Monitorinqlər nəticəsində Sabunçu rayonu ərazisində dövlət mülkiyyətində olan 25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb.
Məlum olub ki, Ramana qəsəbəsində müxtəlif şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi-yaşayış və müxtəlif məqsədli tikinti işləri aparılıb.
Maştağa qəsəbəsində vətəndaşların icarəsinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş torpaqlarda təyinatına zidd olaraq böyük ərazilərin özbaşına hasara alınması və obyektlərin inşasının qarşısı alınıb.
Belə hallara Abşeron rayonunun istifadəsində olan Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də yol verilməklə torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb.
Yol verilmiş pozuntu işləri ilə bağlı 7 şəxs barəsində torpağın münbit qatının korlanaraq, qeyri-qanuni tikinti işlərinin aparılmasına görə inzibati protokol tərtib edilib.
Eyni zamanda, 10 şəxsə torpaq üzərində heç bir hüquqi sənəd olmadan hasara alma halının aradan qaldırılması, 5 şəxsə isə əraziyə tökülmüş tikinti materiallarının yığışdırılması barədə xəbərdarlıqlar edilərək müvafiq bildirişlər verilib.
U.A.
www.oxu.az