Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda Bavariya-Azərbaycan biznes forumu baş tutdu - FOTO
31 may 2017-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası Bavariya əyalətinin İqtisadiyyat, Mediya, Energetika və Texnologiyalar üzrə Nazirliyinin Dövlət katibi Frans Yozef Pşirerin rəhbərliyi altında Bavariya əyalətindən olan müəssisələrin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Bavariya-Azərbaycan Biznes Forumunu təşkil edib.
Forum tikinti, inşaat, şəhərsalma, maşınqayırma və avadanlıq, avtomobil sənayesi, informasiya və kommunikasiya texnologiyaları, ətraf mühit texnologiyaları, peşə təhsili, tibbi xidmət, istehlak malları, turizm sahələrini təmsil edən 120-dən çox Bavariya və Azərbaycan biznes nümayəndələrini bir araya gətirib.
Bavariya-Azərbaycan Biznes Forumu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İcraçı direktoru Tobias Baumann və Bavariya əyalətinin İqtisadiyyat, Mediya, Energetika və Texnologiyalar üzrə Nazirliyinin Dövlət katibi, cənab Frans Yozef Pşirerin nitqi ilə açılıb.
Açılış nitqlərinin ardınca Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda hazırkı iqtisadi vəziyyət haqqında çıxış edib.
Bundan əlavə, “Knauf Marketinq” MMC şirkətinin baş direktoru Samir Quliyev, “Schaeffler AG” şirkətinin baş vitse-prezidenti Yaşar Musayev və Bavariya şirkətləri təmsil etdikləri şirkətlərin təqdimatlarını iştirakçıların nəzərinə çatdırıblar. Forum yeni işgüzar əlaqələrin qurulması məqsədilə Bavariya və Azərbaycan şirkətləri arasında B2B görüşləri ilə başa çatıb.
N.O.