Şəhər hakimiyyətinin qarşısında duran əsas vəzifələrdən biri də - yol şəbəkəsindəki gərginliyin aradan qaldırılmasıdır. Bu istiqamətdə ciddi addımlar atılır: yeni yollar çəkilir, yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri tikilir.
Yol infrastrukturunun rekonstruksiyası və tikilməsinə son illərdə böyük diqqət verilir. Buna parlaq nümunə olaraq Bakıda Ziya Bünyadov prospektini göstərmək olar. Bu layihənin fərqli cəhəti Z.Bünyadov prospektinin Abdulvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələri ilə kəsişdiyi Xutor dairəsində çoxsəviyyəli yol qovşağının tikilməsidir.
Oxu.Az xəbər verir ki, Day.az-ın müxbiri yeni nəqliyyat qovşağının tikintisinin gedişatı ilə tanış olmaq üçün tikinti ərazisində olub.
Yeni nəqliyyat qovşağı kompleksi Z.Bünyadov prospekti ilə sürətli və maneəsiz hərəkəti təmin edəcək, bu isə A.Salamzadə, A.Mustafayev və H.Əliyev küçələrində gərginliyin azalmasına səbəb olacaq. Kompleks bir yol xətti və yan keçidləri olan 3 tuneldən ibarətdir. Qovşağın tikintisi yüksək templə gedir: tikinti meydanında 15-dən çox ağır texnika və 150-yə yaxın fəhlə çalışır.
“Çoxsəviyyəli yol qovşağının tikintisi üzrə işlərin çoxu yerinə yetirilib, - “Körpü-bina-tikinti” MMC-nin sahə nümayəndəsi Mahir Göyüşov bildirib. – Hal-hazırda 1 və 2 nömrəli tunellərdə bardürlərin quraşdırılması və rənglənmə işləri, 3 nömrəli tuneldə isə izolyasiya işləri gedir. Bununla yanaşı hələ 70 metrə yaxın məsafə də qazılmalıdır”.
Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin sözlərinə görə, yol xəttinin uzunluğu 634 metr, eni 12 metr, zolaqların sayı 2, yan xətlərin uzunluğu 254 metrdir.
Birinci tunelin uzunluğu – 890 metr, eni 22 metr, yan xətlərin uzunluğu – 270 metrdir, zolaqların sayı – 4 (hərəkət ikitərəflidir). İkinci tunelin uzunluğu 450 metr, eni – 10,5 metr, zolaqların sayı – 2 (birtərəfli hərəkət). Üçüncü tunelin uzunluğu – 832 metr, eni – 10,5 metr. Dayaq divarlarının uzunluğu 2048 metr, piyada keçidlərinin sayı – 3dür.
Yol xətti Abdulvahab Salamzadə və Hüseynbala Əliyev küçələrini birləşdirəcək, birinci küçədən Rəşid Məmmədov küçəsinə getmək və geri qayıtmaq mümkün olacaq.
1 nömrəli tunel Xutor dairəsinə çatmamış “20 Yanvar” və 3-cü mikrorayon dairəsindən gələn maşınları Z.Bünyadov prospektinə yönləndirəcək. Hər iki dairəyə geri dönmək də mümkün olacaq.
Tbilisi prospektindən və A.Salamazadə küçəsindən hərəkət edən maşınlar 2 nömrəli tunel ilə Z.Bünyadov (keçmiş K.Marks heykəlinə tərəf, tuneldə hərəkət biristiqamətlidir) prospektinə çıxa biləcəklər.
3 nömrəli tunel yolxəttindən gələn maşınları Xutor dairəsinə girmədən Z.Bünyadov və Azadlıq prospektlərinin kəsişməsinə, A.Salamzadə küçəsinə, ordan isə Tbilisi prospektinə (tuneldə hərəkət biristiqamətlidir) yönləndirəcək.
Tikinti 2011-ci ilin may ayında başlanıb və 2014-cü ilin may ayında bitirilməsi nəzərdə tutulub.