Bəxtiyar Hacıyev barəsində cinayət işi Türkiyə vətəndaşının şikayəti əsasında başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya B.Hacıyev özü məlumat verib.
B.Hacıyev qeyd edib ki, Türkiyə vətəndaşı Nurəddin Eresin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə çağırılıb:
“Türkiyə vətəndaşı olan Nurəddin Eres bir neçə nəfərdən, o cümlədən məndən məktəb tikintisi adı ilə borc istədi. Nurəddin Eres yanvar ayında məndən pulu alanda müəyyən sənədlər qoydu, o cümlədən də yanvar ayında pasportunu verdi. Sonra mənə məlum oldu ki, o, Bakıda “Fənərbağça” futbol klubunun məktəbini açıb.
Amma indi o və həyat yoldaşı, “Pərvanələrin rəqsi” teleserialında iştirak edən aktrisa Mətanət Əhmədova polisə mənim barəmdə şikayət edərək bildiriblər ki, pasportu, telefonları zorla əlindən alınıb və bu səbəblərə görə mənə qarşı Nərimanov rayon Polis İdarəsində cinayət işi açıblar”.
B.Hacıyev Türkiyə vətəndaşının əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinə dəfələrlə məlumat versə də, ona qarşı tədbir görülmədiyini bildirib.
Gənc fəal Nərimanov Rayon Polis İdarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.
17:33
Gənc fəal, Müsbət Dəyişikliklər Hərəkatın təsisçisi Bəxtiyar Hacıyevə qarşı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlama verən Bəxtiyar Hacıyev bildirib ki, ondan şikayətçi olan şəxslər türk iş adamı Nurettin Eres və onun aktrisa həyat yoldaşı Məlahət Əhmədovadır.
Hacıyev bildirib ki, həmin iş adamı ondan 30 min AZN borc pul alıb və Bakıda Fənərbaxça Klubunun Məktəbini açıblar:
“Pulun qaytarılacağına zəmanət kimi və ölkədən çıxmayacağına təminat vermək üçün pasportunu mənə verib. İndi də aktrisa polisə şikayət edib ki, ərimə qarşı zor tətbiq ediblər, sənədlərini güclə əlindən alıblar”.
Gənc fəal daha sonra Facebook hesabında ifadəsi ilə bağlı maraqlı məqamı qeyd edib:
“İfadə verməyə gəlmişəm, görürəm suallar da, cavablar da yazılıb. Deyirəm mənim yerimə niyə cavab yazırsınız? Deyirlər vaxtına qənaət etmək üçün”.