PwC Azərbaycan və Bakı Fond Birjası “Səhm və istiqrazlar vasitəsilə maliyyələşmə və IPO-lar” mövzusunda seminar təşkil ediblər.
Oxu.Az xəbər verir ki, “Listinq Məsləhət Proqramı” çərçivəsində kapital bazarından maliyyələşmədə maraqlı olan potensial şirkətlər üçün PwC Azərbaycan və Bakı Fond Birjasının təşkilatçılığı ilə “Səhm və istiqrazlar vasitəsilə maliyyələşmə və IPO-lar” mövzusunda birgə seminar keçirilib.
Tədbiri giriş sözu ilə açan PwC Azərbaycan şirkətinin İdarəedici Partnyoru, Mövlan Paşayev və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov öz çıxışlarında potensial şirkətlər üçün bu qəbildən olan maarifləndirici seminarların müsbət hal olduğunu və gələcəkdə də birgə keçiriləcəyinin planlaşdırıldığını xüsusilə qeyd ediblər.
Seminarda PwC Rusiya, MDB və Mərkəzi və Şərqi Avropa üzrə Partnyoru və kapital bazarları üzrə lideri Rüstəm Terequlov tərəfindən iştirakçılara kütləvi təklif yolu ilə kapital cəlb edilməsi, səhm və istiqrazların listinq prosesi, İPO-ya hazırlıq, prospektin hazırlanması, korporativ idarəetmə, maliyyə hesabatlılığı mövzularında geniş məlumat verilib.
Həmçinin, tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Nil MakKeyn AYİB-in “İnkişaf etməkdə olan bazarlarda yerli valyutada istiqraz emissiyası” proqramı barəsində iştirakçıların diqqətinə çatdırıb. Tədbir zamanı həmçinin Bakı Fond Birjasının Biznesin İnkişafı qrupunun rəhbəri Abdulla İsayev “BFB-də listinq” və Ticarət qrupunun rəhbəri Tələt Kalayev “Yeni hüquqi çərçivədə kapital bazarlarının infrastrukturu” barəsində ətraflı təqdimat verib.
Seminar bitdikdən sonra, spikerlər tərəfindən potensial şirkətləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə 30 seçilmiş yerli şirkətin təmsilçiləri, LMP üzrə tərəfdaş şirkətlər, broker şirkətlər və digər qonaqlar iştirak ediblər. Tədbir zamanı iştirakçılara kapital bazarından maliyyələşmənin təşviqi ilə bağlı məlumat xarakterli broşurlar, xidmət kataloqu və digər maarifləndirici çap məhsulları təqdim olunub.