Bakıda yeddi nəqliyyat vasitəsinin əzilməsinə səbəb olan zəncirvarı qəza baş verib, şəhərin mərkəzində tıxac yaranıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Səbail rayonu ərazisində “Shacman” markalı ağırtonnajlı maşın bir yük, bir neçə minik avtomobilini yararsız hala salaraq mağazaya çırpılıb. Yeddi avtomobilin zərər gördüyü zəncirvarı qəzada xəsarət alan olmayıb. Avtomobillərə və mağazaya ciddi ziyan dəyib.
Qəza nəticəsində yaranan tıxacı aradan qaldırmaq üçün “Shacman” hadisə yerindən aparılıb. Digər avtomobillər isə yol kənarına çəkilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
11:01
Bakının mərkəzi prospektlərində sıxlıq yaranıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata əsasən, Neftçilər prospektinin Bülbül prospekti ilə kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.