Hal-hazırda Ziya Bünyadov prospektində yeni asfalt örtüyünün çəkilməsi işləri davam edir. Yol təmir işlərinin keyfiyyətli olması üçün səyyar laboratoriya təşkil edilib. Xüsusi cihazlarla inert materialların seçimi və yolun alt və üst qatının, o cümlədən asfalt örtüyünün birləşmə əmsalı yoxlanılır.
Amma ən əsası bu, prospektin iki zolağının sürətli hərəkət üçün nəzərdə tutulmasıdır.
Oxu.Az Day.az-a istinadən bildirir ki, bu haqda məlumatı Azərbaycan Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev verib.
“Amma hələ sürətli hərəkət zolaqlarında hansı sürətin müəyyən ediləcəyi məlum deyil, - həmsöhbətimiz bildirib. Rekonstruksiya nəticəsində Z.Bünyadov prospektində zolaqların sayı 4-dən 10-a çatdırılacaq, onlardan 2-si sürətli hərəkət üçün nəzərdə tutulub. Prospektin uzunluğu 9,2 km olacaq. Yolda 2 metr enində ayrıc olacaq, trotuarların eni 1,5 metr olacaq”.
P.Mürsəliyevin sözlərinə görə yolun ortasında müasir işıqlandırma sistemi qurulacaq. Bundan başqa prospektin bəzi yerlərində icazə verilmiş sürəti, hərəkət istiqamətini, havanın temperaturunu göstərən informasiya tabloları asılacaq. Mürsəliyev qeyd edib ki, Drenaj sistemlərinin quraşdırılması zamanı yol örtüyünün mailliyi nəzərə alınacaq.
Qeyd edək ki, Ziya Bünyadov prospektinin rekonstruksiyasının məqsədi avtomobillərin 20 yanvar dairəsindən və “Qələbə” kinoteatrının yaxınlığındakı dairədən “Koroğlu” metrostansiyasına doğru və geri istiqamətdə maneəsiz və sürətli hərəkətini təmin etməkdir. Prospektin rekonstruksiyası 2014-cü ilin sonunda başa çatdırılmalıdır. Amma intensiv iş rejimi, nəzərdə tutulan qrafikin qabaqlanacağını fərz etməyə imkan yaradır.