Bakıda telefonların qiymətində kəskin ucuzlaşma müşahidə olunmur.
Oxu.Az bu barədə Bakının məşhur telefon ticarəti ilə məşğul olan şirkətlərdən aldığı sorğunun nəticələrinə istinadən xəbər verir.
Belə ki, “Kontakt Home” şirkətindən bildiriblər ki, hazırda qiymətlərdə dəyişiklik olub:
“Qiymətlərdə dəyişiklik olub. Bəli, müəyyən telefonlarda ucuzlaşma var. Əsasən, bu “Samsung” və “iPhone”larda müşahidə edilir”.
Şirkətin rəsmisi qiymətlərin nə qədər enməsi ilə bağlı suala isə cavab vermək istəməyib:
“Təəssüflər olsun ki, biz hazırda qiymətlərin nə qədər enməsi ilə bağlı məlumat verə bilməyəcəyik. Hazırda qüvvədə olan qiymətlər barəsində saytımızdan tanış olmaq olar”.
“İrşad Elektronics” şirkətinin nümayəndəsi də qiymətlərdə dəyişiklik edildiyini bildirib:
“Bəzi modellərdə dəyişiklik edilib. Amma sırf konkret olaraq, hər bir model üçün qiymət dəyişikliyi təəssüf ki, yoxdur. Telefonun marka, modelindən asılı olaraq, qiymət dəyişikliyi olub”.
Şirkətin nümayəndəsi qiymətlərin nə qədər enməsi ilə bağlı suala isə bunları bildirib:
“Əgər siz qiymətlərin faizlə ifadəsində nə qədər endiyini bilmək istəyirsinizsə, bu barədə təəssüf ki, sizə məlumat verə bilməyəcəm”.
Şirkətin nümayəndəsi onu da əlavə edib ki, satışlar bu günə qədər necə idisə, hazırda da o cürdür. Bu gün də, məsələn, kifayət qədər satış olub.
“İntegral” şirkətindən isə qiymətlərin endirilməsi ilə bağlı məlumatlı olmadıqlarını bildiriblər.
Qeyd edək ki, adıçəkilən şirkətlərin rəsmi internet səhifəsində qiymətlər ilə tanış olduq. “İntegral” şirkəti “Samsung“” şirkətinə məxsus mobil telefonların bəzi modellərində qiymət dəyişikliyi etmişdi.
Amma digərlərində isə elə də ciddi qiymət ucuzlaşmasının şahidi olmadıq. Məsələn, adıçəkilən şirkət “Samsung Galaxy” (Grand Prime) qiymətini 299 manatdan 279 manata, “Samsung Galaxy” (Core Prime) qiymətini 249 manatdan 229 manata endirib.
Qeyd edək ki, bu gün mətbuatda ölkədə mobil telefonların qiymətinin kəskin ucuzlaşması barədə xəbərlər yer alıb.
Ülviyyə R. Əli
www.oxu.az