Bu ilin may ayında Bakının kirayə mənzil bazarında aktivliyin artması nəticəsində qiymətlər 748 dollar/mənzildən 0,53% artaraq 752 dollar/mənzil təşkil edib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, “MBA Consulting” LTD-dən verilən məlumata görə, may ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollardan yuxarı) payı 5,3% artaraq 21,2%, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollara qədər) payı isə 16,7% azalaraq 29,1% olub, orta qiymətə kirayə evlərinin payı isə uyğun olaraq 24,8% azalaraq 49,7% təşkil edib.
Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.
Bu ilin may ayında kirayə mənzil bazarında təklifin həcmi 21,2% azalaraq 189 mənzil təşkil edib. Təklif portfelində azalma bazarda aktivliyin tədricən artması ilə izah edilir. Ay ərzində xüsusən də təklif portfelində daha çox orta qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin yuxarı olması ilə bağlı olub.
“Mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib. İl ərzində mənzilin kirayə qiymətində 1,63%, 1 kv.m sahənin kirayə qiymətində isə 0,89% artım olub. Hesabat ayında kirayə verilən evlərin qiymətində artım ali təhsil ocaqlarında qəbul imtahanlarının sona yaxınlaşması ilə izah edilir.
Mənzillərin orta sahəsi də ay ərzində uyğun olaraq artım müşahidə edilib. Belə ki, “kütləvi” və “biznes” yaşayış mənzillərinin kirayə qiymətlərindən uyğun olaraq “elit” evlərin kirayə qiymətlərində və əqdlərin sayında da artımlar müşahidə edilib.
Ay ərzində “kütləvi” yaşayış mənzillərindən fərqli olaraq “biznes” və “elit” mənzillərin kirayə qiymətlərində ötən aya nisbətdə ciddi dəyişiklik qeydə alınmayıb. Ay ərzində kirayə mənzil bazarında orta qiymətin artması bazarda təklif olunan mənzillərin sahəsinin artması və bahalı mənzillərin təklif portfelində paylarının çoxalması ilə bağlıdır”, - məlumatda deyilib.