I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına müvafiq olaraq Stend Atıcılığı İdman Kompleksinə giriş avtomobil yolunun tikintisinə artıq başlanılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 1 səviyyəli qovşaqdan götürməklə Stend Atıcılığı İdman Kompleksinə qədər uzanacaq yol 1-ci texniki dərəcəli 4 zolaqlı olacaq. Avtomobil yolunun ümumi uzunluğu 1,4 km, eni isə 22 m təşkil edəcək.
Layihə üzrə çiyinlərin eni 2,5 m, ayırıcı zolağın eni isə 1 m olacaq. Hazırda ərazidə torpaq qazma və torpaq tökmə işləri davam etdirilir.
Müasir işıqlandırma sistemilə təchiz olunacaq yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna 2 zolaqlı birləşmə də planlaşdırılır.
Beləliklə, yeni tikilən avtomobil yolları Stend Atıcılıq Kompleksinə, eyni zamanda respublikanın şimal, şimal-qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin “20 yanvar” dairəsinə daxil olmadan Bakı şəhərinə girişini təmin edəcək.