Bakı şəhərinin Xətai rayonunda “Neftçilər” prospektindən başlayaraq “Nobel” prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək uzanacaq yeni avtomobil yolunun tikintisi gedir.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, uzunluğu 1,75 km, eni isə səkilərlə birgə 45 metr təşkil edəcək yolda söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi və torpaq yatağının salınması işləri aparılır.
P.Mürsəliyev deyib ki, yol boyu nəzərdə tutulan 3 yerüstü piyada keçidinin tikintisinə də artıq başlanılıb:
“Bu yolun 1,4 kilometri “Nobel” prospektinə paralel çəkiləcək. Paralel yol 8 hərəkət zolaqlı olacaq”.
“Azəryolservis” rəsmisi yolun tikinti işlərinin 2015-ci ilin may ayına qədər yekunlaşacağını qeyd edib.