Bakı şəhərinin yükünün azaldılması məqsədilə Bakı ətrafında müəyyən tədbirlər görüləcək.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat verib.
O qeyd edib ki, Bakı şəhərinin gələcəkdə nümunəvi bir şəhərə, meqapolisə çevrilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, mərkəzin yükünün azaldılması üçün Bakıda lokal mərkəzlər yaradılacaq:
“İnsanlar istirahətini, əyləncəsini və digər xidmətlərini həyata keçirmək üçün mərkəzə üz tutur. Biz fikirləşirik ki, mərkəzdə olan bu funksiyalar, yüksək xidmətlər digər ərazilərdə də yaradılarsa, şəhərin mərkəzinin yükü azaldıla bilər”.
İ.İsbatov qeyd edib ki, hər mərkəzin öz funksiyası olacaq, orada işgüzar, əyləncə və digər funksiyalar cəmləşəcək. O, həmçinin əlavə edib ki, Bakının tarixən formalaşmış mərkəzi hissəsinin maksimum qorunub saxlanılması nəzərdə tutulur.
“Bu mərkəzi hissənin xüsusi mühafizə olunan ərazisi də layihədə müəyyən edilib. Abadlaşdırma məqsədilə Bakının mərkəzi hissəsinin müfəssəl planlaşdırılmasına görə “Sovetski”də böyük yaşıllıq ərazisinin salınması nəzərdə tutulub” - deyə, İ.İsbatov bildirib.
O digər ərazilərdən də danışaraq qeyd edib ki, Alatava ərazisinin yenidən qurulması təklif olunur. Onun sözlərinə görə, orada yenidənqurma tədbirləri həyata keçirilərkən yeni yaşayış məskənlərinin əmələ gəlməsi nəzərdə tutulur.
Bundan başqa, İnstitutun direktoru bildirib ki, “Kubinka” adlanan ərazidə də nəqliyyat probleminin həlli istiqamətində müəyyən yol ötürücülərinin, tunellərin layihələndirilməsi nəzərdə tutulur.