1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Azərbaycanda ilk dəfə uşaq ifalarından ibarət “Bu mənəm” albomu işıq üzü görüb.
Oxu.Az xəbər verir ki, alboma daxil olan mahnılar Azərbaycanın istedadlı balaca ulduzları, Azərbaycanı “Avroviziya” müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox müsabiqələrin qalibləri tərəfindən ifa olunub.
Layihənin rəhbərləri bəstəkarlar Bəbir Bəbirov və Ülviyyə Bəbirli-Vəliyevanın sözlərinə görə, əsasən uşaq mahnılarından ibarət diskin buraxılmasının məqsədi uşaq mahnılarının təbliği, istedadlı uşaqlara dəstəkdən ibarətdir.
Mayın 27-də Bakı Caz Mərkəzinin təşkilati dəstəyi və “Ok” jurnalının informasiya dəstəyi ilə “Bu mənəm” adlı diskin təqdimatı və konsert proqramı olacaq. Konsertdə həmçinin Azərbaycanda ilk dəfə “Rəngarəng duyğular” uşaq rəsm studiyasının moda nümayişi olacaq. Konsertdən sonra Jazz Band öz ifası ilə dinləyicilərə gözəl musiqi dəqiqələri bəxş edəcək.
Konsertdə tanınmış müğənnilər, həmçinin müxtəlif peşə sahibləri qonaq qismində iştirak edəcəklər. Tədbirdə həmçinin istedadlı uşaqlara dəstək aksiyası da keçiriləcək.