Fevralın 19-na keçən gecə, saat 00:00-dan etibarən Bakının ən böyük və əsas prospektlərindən olan Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti birtərəfli olaraq bağlanacaq.
Oxu.Az Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, nazirliyin “Azəryolservis” ASC-dən alınan məlumata görə, prospektin şəhərin mərkəzinə gələn istiqamətində Əliyar Əliyev küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.
Yolun bağlanmasına səbəb Ziya Bünyadov prospektinin yenidən qurulması layihəsi çərçivəsində ərazidəki su xətlərinin yerinin dəyişdirilməsidir. Prospektin şəhərin mərkəzinə gələn istiqaməti (Böyükşordan Ayna Sultanova heykəlinə doğru) 3 gün müddətinə bağlı olacaq.
Sürücülərə alternativ olaraq Əcəmi Naxçıvani küçəsindən istifadə etmələri tövsiyə olunur.
