Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasında saxta bal aşkar edilib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
“İşçi Qrupu tərəfindən salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonların yarmarkaya keçirilməsi faktı aşkar edilib” - deyə, nazirlikdən qeyd edilib.
Bundan başqa, nazirlikdən bildiriblər ki, 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıb.
Qeyd edək ki, yarmarka Bakıda oktyabrın 10-dan fəaliyyətdədir. Nazirlik tərəfindən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün isə mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb.
Ülviyyə R. Əli
www.oxu.az