Lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan”ın qorunan əmanətlərinin 24 milyon manatından 9 milyon manatı artıq ödənilib. Geridə qalan vəsaitin ödənilməsini isə yaxın 10 gün ərzində tamamlayacağımızı düşünürük.
Oxu.Az xəbər verir ki, bu sözləri çərşənbə günü keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, hər gün 150-200 nəfərə kompensasiya ödənilir.
A.Cavadov həmçinin qeyd edib ki, əmanətçilər qorunan əmanətlər ilə bağlı kompensasiyaları tam alacaqlar.
“Narahatlığa əsas yoxdur”, - deyə icraçı direktor qeyd edib.
Azad Cavadov həmçinin qeyd edib ki, “Bank of Azerbaijan”da fiziki şəxslərin qorunan ümumi əmanətlərinin həcmi 121 milyon 697 min manat təşkil edir.
Onun sözlərinə görə, qorunmayan əmanətlərin həcmi isə, 4 milyon 106 min manatdır.
“Həmin bankda kompensasiya olunan məbləğ isə 24 milyon 166 min manat təşkil edir. Ümumilikdə fond 132 milyon manat vəsait xərcləyəcək. Bundan sonra fondun qalıq vəsaiti 107 milyon 834 manat təşkil edəcək”, - deyə o qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az