Azərbaycandan Avropaya qaz nəql edəcək olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin ən böyük hissəsi - təxminən 80%-i Türkiyə podratçılarına aiddir.
Oxu.Az xəbər verir ki, bu sözləri layihənin direktoru Saltuk Düzyol bildirib.
Türkiyənin enerji təhlüksəziliyində mühüm rol oyanacaq TANAP layihəsinin son tamamlanma işləri ilə bağlı açıqlama verən Düzyol qeyd edib ki, kəmərin tikintisində istifadə olunan boruların 80%-ə yaxını Türkiyə istehsalıdır.
Onun sözlərinə görə, 900 km-ə qədər xəttin qaynaq işləri yekunlaşıb.
Düzyol layihə çərçivəsində bu günə qədər 4,5 milyard dollar dəyərində tenderin yekunlaşdığını və müqavilələrin imzalandığını xatırladıb:
“Layihə ən çox türk podratçı şirkətləri və boru istehsalçıları üçün əlverişli oldu. Bu günə qədər imzalanan 4,5 milyard dollar dəyərində olan müqavilələrə nəzər saldıqda, layihədə “aslan payı”nın türk podratçı şirkətlərinə aid olduğunu görmək olar”, - deyə baş direktor əlavə edib.
Qeyd edək ki, layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: SOCAR - 58%, BOTAŞ - 30%, BP - 12%.
Ülviyyə R. Əli
www.oxu.az