"Enerji təhlükəsizliyi ilə bağlı son dövrdə yaşadığımız böhranlar göstərdi ki, bütün ölkələr enerjini etibarlı şəkildə təmin etmək və mümkün qədər öz mənbələrinə söykənmək üçün böyük səylər göstərirlər. Bu baxımdan, bərpaolunan enerji ölkələr üçün son dərəcə mühüm resursdur".
Bunu Oxu.Az-ın yaşıl enerjiyə artan tələbatla bağlı sualına cavabında Türkiyənin energetika və təbii sərvətlər naziri Alparaslan Bayraktar deyib.
O bildirib ki, xüsusilə bəzi ölkələr Günəş və külək kimi bərpaolunan enerji mənbələri baxımından daha əlverişli imkanlara malikdirlər:
"Azərbaycan da həmin ölkələrdən biridir. Bu sahədə dünyada çox ciddi inkişaflar baş verir. Hazırda qlobal miqyasda həyata keçirilən enerji və elektrik investisiyalarının böyük hissəsi məhz bərpaolunan enerji sektoruna yönəlir.
Lakin bunun üçün iki vacib şərt var. Birincisi, çox güclü elektrikötürmə sisteminə sahib olmaq lazımdır. Yəni enerji infrastrukturunuz möhkəm və etibarlı olmalıdır. İkincisi isə bu imkanları qarşılıqlı əlaqə və inteqrasiya layihələri vasitəsilə birləşdirməkdir. Türkiyə ilə Azərbaycanın bu sahədə çox böyük potensialı və imkanları var.
TANAP-ın elektrik versiyası adlandırdığım layihə də məhz bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Azərbaycandan Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya ötürülməsini nəzərdə tutur".