Ötən ay ərzində ərzaq bazarlarında qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətlərinin, balıq məhsullarının, südün, günəbaxan yağının, almanın, bananın, alçanın, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, badımcanın, bibərin, göy lobyanın, soğanın, sarımsağın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, unun, kərə yağının, yumurtanın, limonun, şabalıdın, göyərtinin, kökün, çuğundurun, şəkər və şəkər tozunun, süfrə duzunun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsindən verilib.
“2014-cü ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 2,0 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb”, - məlumatda deyilib.
Həmçinin məlumatda qeyd edilib ki, iyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində və eləcə də beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
Gülnarə Zeynalova
www.oxu.az