Kənd Təsərrüfatı naziri Heydər Əsədov Belçika Krallığının “Scherjon” şirkətinin prezidenti Skeryon Hielkonu ilə görüşüb.
Oxu.Az-a bu barədə nazirlikdən məlumat verilib.
Nazirliyin məlumatına görə, İmişlidə südçülük-heyvandarlıq təsərrüfatının və “Gouda” pendiri istehsal edən zavodun tikilməsinə dair ilkin biznes planının müzakirəsi görüşün əsas məqsədi olub.
Görüşdə Belçika Krallığının “Scherjon” şirkətinin prezidenti Skeryon Hielkon istehsal olunacaq məhsulun qonşu ölkələr üçün ixrac potensialının olduğunu, layihənin həyata keçirilməsi üçün kompleksin 500 hektar torpaq sahəsini əhatə edəcəyini, ferma və zavodun eyni ərazidə yerləşəcəyini, keyfiyyətli pendirin istehsalı üçün keyfiyyətli südün olmasının vacibliyini nəzərə alaraq Hollandiyadan 1000 baş Holştin-friz südlük istiqamətli inəklərin gətiriləcəyini, bu kompleksin region üçün strateji əhəmiyyətə malik olduğunu, istehsal olunacaq məhsulun həm daxili bazara, həm də qonşu ölkələrə satılacağını bildirdi.