“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov “Reuters” informasiya agentliyinə müsahibə verib.
Oxu.Az-a bankdan verilən məlumata görə, müsahibədə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərindən danışan X.Əhədov banka bu sahədə dövlət dəstəyinin üç istiqaməti əhatə etdiyini göstərib.
O, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanı çərçivəsində ötən il bankın problemli aktivlərinin bir qisminin “Aqrarkredit” QSC-ə ötürüldüyünü və bunun müqabilində banka 10 milyard manat likvid vəsaitin ayrıldığını xatırladıb.
Digər bir istiqamət kimi Azərbaycan Dövlət Neft Fondunun ötən il bankda 1 milyard ABŞ dolları məbləğində depozit yerləşdirdiyini göstərib. Bu ilin əvvəlində isə hökumət ABB-nin nizamnamə kapitalında iştirak payını artırıb.
X.Əhədov bildirib ki, qalan problemli aktivlərin “Aqrarkredit” QSC-ə təhvil verilməsi müqabilində, banka açılacaq növbəti tranşın məbləğinin müəyyənləşdirilməsi istiqamətində iş gedir: “İlkin hesablamalara görə, bu tranşın məbləği təxminən 3 milyard dollar olacaq.
Bu, bankda 500 milyon manat məbləğində ehtiyatın kapitala qayıdışını təmin edəcək”.
Onun sözlərinə görə, bu əməliyyatın 2017-ci ilin birinci rübündə həyata keçirilməsi gözlənilir.
İdarə Heyətinin sədri hazırda Bankda aparılan maliyyə-təşkilati sağlamlaşdırma tədbirlərindən də danışıb. Qeyd edib ki, bu tədbirlər nəticəsində Azərbaycan Beynəlxalq Bankının 2017-ci ili kiçik də olsa, mənfəətlə başa vurması proqnozlaşdırılır. X.Əhədov bankın xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansı probleminin olmayacağını bildirib.
U.A.
www.oxu.az