Qlobal bazarda bitkoinin qiyməti noyabrın 26-dan bugünədək ən minimal səviyyəyə - 9 446 dollara kimi qədər geriləyib.
Oxu.Az xəbər verir ki, bitkoinlə yanaşı, kriptovalyuta bazarının kapitallaşması da 415 mlrd. dollara düşüb və dekabrın 10-dan bugünədək ən aşağı həddə enib.
Nəzərə alsaq ki, Azərbaycanda da kriptovalyutalara maraq böyükdür, bundan sonra bazarın vəziyyətinin necə olacağı sual doğurur.
Oxu.Az-ın sualına cavab verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, 2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün də heç də uğurlu olmadı:
“Son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib. Cənubi Koreyanın bitkoinlə əməliyyatları qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bitkoinlə yanaşı, digər əksər kriptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir.
Əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kriptovalyutalarla bağlı ehtiyatlı açıqlamalar gəldi. Bitkoindəki köpüklər partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar”.
Ekspert deyir ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu, zaman tələb edəcək:
“Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığa tələbi azaldır. Bu kontekstdən də hələlik nə əksər Mərkəzi Banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar. Güman olunur ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr bitkoinin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə, o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoini dəstəkləyərsə, o zaman kriptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda bitkoinin taleyinin necə olmasından asılı olmayaraq, yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq”.
L.Ə.
www.oxu.az