Rusiyadan qaz idxalı ABŞ-Gürcüstan münasibətlərinə mənfi təsir edəcək, bu barədə “Kvirs palitra” qəzetinə verdiyi müsahibədə Amerikanın xarici siyasət üzrə Şurasının eksperti Stiven Blank bəyan edib.
Oxu.Az “Qruziya online”-a istinadən xəbər verir ki, Blank Azərbaycanın Gürcüstana lazımi həcmdə qaz ixrac etdiyi halda, ölkənin İran və Rusiyadan qaz idxal etmək istəməsini səbəb görmür.
Ekspertin fikrincə, bu siyasət ictimai deyil, şəxsi mənfəətlərə xidmət edir.
“Azərbaycanın Gürcüstana lazımi həcmdə qaz ixrac etdiyi halda, ölkənin İran və Rusiyadan qaz idxal etmək istəməsinin səbəbləri anlaşılan deyil. Fikrimcə, bu siyasət ictimai deyil, şəxsi mənfəətlərə xidmət edir. Bu, Gürcüstanın Rusiyaya qarşı müqavimətini zəiflədir”, - Blank bəyan edib.
Gürcüstan mediasında ölkənin İran və Rusiyadan qaz almağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Gürcüstan Energetika Nazirliyi isə İranla bu sahədə konkret razılaşmanın olmadığını bildirib.
Mətbuatda yayılan digər məlumatlarda energetika naziri Kaxa Kaladzenin İsveçrənin Sürix şəhərində “Qazprom” təmsilçisi Yelena Burmistrova ilə dekabrın 27-də gizli danışıqlar apardığı qeyd edilir. Bununla əlaqədar Energetika Nazirliyi heç bir məlumat yaymayıb.