Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BP-Azerbaijan: Bakı-Tiflis-Ərzurum qaz boru kəməri Azərbaycanın deyil
BP-Azerbaijan şirkəti Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində baş verən partlayışın səbəbləri barəsində hər hansı fikir bildirə bilməz.
Oxu.Az-a bu sözləri “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, adıçəkilən boru kəmərinin operatoru “BP-Azerbaijan” yox, Türkiyənin BOTAŞ şirkətidir.
“Bu kəmərin sahibi nə Azərbaycan nə də “BP Azerbaijan” şirkətidir”-deyə, o əlavə edib.
Öz növbəsində APA-ya açıqlama verən SOCAR-ın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, baş vermiş partlayış Azərbaycan tərəfinə zərər vurmayıb.
“Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, Botaş şirkəti həyata keçirir. Botaş şirkəti ilə daimi əlaqələrimiz var.
Qeyd edim ki, xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib.
Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat olanda bu barədə ətraflı məlumat veriləcək”, - deyə N.Quliyev vurğulayıb.
Qeyd edək ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.
Qars valisi Günay Özdəmir Anadolu Agentliyinə açıqlamasında hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib.
Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Vali partlayış nəticəsində yaranmış alovun meşə sahəsinə keçmə təhlükəsinin olmadığını bildirib.
Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.
Xatırladaq ki, partlayışın səbəbləri barəsində BOTAŞ şirkətinin də mövqeyini öyrənməyə çalışacağıq.
Ülviyyə R. Əli
www.oxu.az