“BP-Azərbaijan”da ixtisarların aparıldığına dair məlumatlar var.
Qeyd olunur ki, ixtisarlar şirkətin fəaliyyətinin effektivliyinin artırılması və xərclərin azaldılması məqsədi daşıyır.
Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Oxu.Az-a açıqlamasında ixtisarlarla bağlı xəbərləri təsdiqləməyib:
“Artıq bir neçə ildir, şirkətdə planlı ixtisarlar aparılmır. 2017-ci ildə ixtisarlar olmayıb. 2018-ci ildə də gözlənilmir. Təbii hadisələrlə bağlı işçi sayında 1-2 nəfər azalma ola bilər. Lakin ixtisarlar yoxdur”.
Məlum oldu ki, hazırda “BP-Azərbaijan”da 4 min nəfərdən çox işçi var. Onların 86 faizi Azərbaycanlılardır:
“Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. Şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.
BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər.
İşçilərin milliləşdirilməsi planına BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir”.
L.Ə.
www.oxu.az