Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” əmr imzalanıb.
İdarədən Oxu.Az-a verilən məlumata görə, müvafiq əmrlə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur.
Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq.
“Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.
E.Ə.
www.oxu.az