“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin tam modernləşdirilməsi və buraxılış gücünün brş milyon tona çatdırılması istiqamətində görülən işlərin 95%-ə qədəri artıq başa çatdırılıb”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, qarşıdakı iki ay ərzində layihə işlərinin tam başa çatdırılması nəzərdə tutulub.
“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ötən ilin əvvəllərindən BTQ-nin modernləşdirilməsi və layihə tutumunun genişləndirilməsi üzrə işlərə başlanılıb”, - ADY rəhbəri bildirib.
R.Rüstəmov əlavə edib ki, layihə beş mərhələdən ibarət olub və artıq onun üç mərhələsi başa çatdırılıb:
“Bununla bağlı Gürcüstan hökuməti tərəfindən müvafiq təsdiqedici sənədlər alınıb. Son olaraq Axalkalaki stansiyası üzrə sonuncu mərhələdə işlər başa çatmaq üzrədir. Qalan işlərin də iki ay ərzində başa çatdırılması nəzərdə tutulub”.
Bildiriıib ki, Orta Dəhlizin ən önəmli hissələrindən birini təşkil edən BTQ Çindən Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaradır.
“BTQ dəmiryol xəttinin qarşıdakı aylarda istifadəyə veriləcəyi andan etibarən bu marşrutla kifayət qədər böyük həcmdə Avropa və Çin yüklərinin gətirilməsi üzərində çalışmalar aparılır.
Bu yolun ölkəmizə gətirəcəyi ən böyük faydalardan biri məhz tranzit yüklərin həcminin artırılmasından ibarət olacaq”, - deyə R.Rüstəmov vurğulayıb.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.