Bakı Enerji Həftəsinin ilk günü yekunlaşıb. Sərgilər və forumu özündə birləşdirən bu mötəbər tədbir 1-3 iyun tarixlərində keçirilir.
Oxu.Az xəbər verir ki, builki Bakı Enerji Həftəsi 31-ci Xəzər Neft və Qaz Beynəlxalq Sərgisini, 14-cü Xəzər Enerji Beynəlxalq Təmiz Enerji Sərgisini və 31-ci Bakı Enerji Forumunu özündə birləşdirir. Beynəlxalq platformada 45 ölkədən həm yerli, həm də xarici şirkətlər təmsil olunur.
Günün ilk yarısında tədbirin rəsmi açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək geniş açılış nitqi söyləyib.
Rəsmi hissədən sonra 31-ci Xəzər Neft və Qaz Beynəlxalq Sərgisi ilə 14-cü Xəzər Enerji Beynəlxalq Təmiz Enerji Sərgisi işinə başlayıb.
Eyni zamanda, tədbir çərçivəsində keçirilən 31-ci Bakı Enerji Forumunun da ilk günü uğurla başa çatıb. Forumun birinci günündə nazirlər səviyyəsində "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" və "Mərkəzi Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi" mövzularında panel müzakirələr təşkil olunub.
Həmçinin gün ərzində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) enerji nazirlərinin 1-ci Görüşü də baş tutub.
Bakı Enerji Həftəsi sabah öz işini davam etdirəcək.
Bu gündən Bakı Enerji Həftəsinə start verilir.
Oxu.Az-ın məlumatına görə, tədbir 1-3 iyun aralığında keçiriləcək.
Tədbir 31-ci Xəzər Neft və Qaz Beynəlxalq Sərgisini, 14-cü Xəzər Enerji Beynəlxalq Təmiz Enerji Sərgisini və 31-ci Bakı Enerji Forumunu özündə birləşdirir.
Enerji həftəsində 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək.
Bakı Enerji Həftəsində bir sıra mühüm sessiyalar təşkil olunacaq. Bunlar arasında "Dayanıqlı və şaxələndirilmiş enerji gələcəyi üçün beynəlxalq əməkdaşlıq" mövzusunda nazirlərin plenar sessiyası, "Təbii qaz bazarları: infrastruktur, strategiya və geosiyasət", "Enerji körpüləri: yaşıl enerji və regional inteqrasiya", eləcə də "Enerjinin gələcəyi: data mərkəzləri, hidrogen və kiçik modul reaktorları" mövzularında sessiyalar yer alacaq.
Həmçinin ilk dəfə olaraq D8 ölkələrinin energetika nazirlərinin iclası keçiriləcək.
İyunun 2-də isə İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu baş tutacaq.
Daha çox foto burada: PhotoStock.az